Müəlliflər üçün qaydalar
Ümumi qaydalar
Təqdim olunan məqalənin mətni kompüterdə Microsoft Windows əməliyyat sistemində işləyən xüsusi mətn redaktoru – Microsoft Word 2013-2019 versiyalar istifadə olunmaqla yazılır. Mətn üçün şrift olaraq Azərbaycan, ingilis və rus dillərində Times New Roman qəbul edilir. Səhifənin ölçüləri A4 (21,0×29,7 sm) formatına uyğun olmalıdır. Səhifədə yazı səhifəsinin sol, sağ, yuxarı və aşağı hissələrdən 2 sm sahə saxlanılır.
Məqalənin ümumi həcmi 6000 sözdən artıq olmamalıdır. Həcmi 6000 sözdən çox olan, lakin olduqca mühüm elmi nəticələrə malik məqalələr redaksiya heyətinin razılığı ilə dərc edilə bilər.
Məqalənin iki və daha artıq müəllifi varsa, onlardan yalnız biri məqaləyə məsul müəllif hesab olunmaqla, iş ünvanı və e-mail ünvanı göstərilməlidir. Məqaləyə məsul müəllif digər həmmüəlliflərin əlyazmanın sonuncu versiyasını təsdiq etməsi və dərc olunması üçün razılıq verməsinə görə cavabdehdir. Həmmüəlliflərin məqaləyə əlavə edilməsi və ya silinməsi redaksiyaya qəbuldan əvvəl edilməlidir.
Əlyazma qrammatik və orfoqrafik qaydalara uyğun tərtib olunmalıdır.
Ədəbiyyat siyahısına daxil olan bütün əsərlərə məqalənin mətnində istinad verilməlidir.
Məqaləni təqdim edən müəllif, təsvir edilən işin əvvəllər nəşr olunmadığı barədə məsuliyyət daşıyır. Qəbul edildiyi təqdirdə, məqalənin digər yerlərdə, eyni şəkildə və ya başqa bir dildə, müəllifin yazılı razılığı olmadan dərc olunmasına yol verilmir. Orijinallığın təsdiqi üçün məqaləniz yoxlamadan keçirilir.
Məqalənin inklüziv dili bütün insanlara hörmət, həssaslıq və bərabər imkanları təşviq etməlidir. Məqalələrdə hər hansı bir oxucunun inancına və ya öhdəliklərinə dair heç bir fərziyyə irəli sürülməməli, bir şəxsin digərindən irqi, cinsi, mədəni və ya digər xüsusiyyətlər əsasında üstün olması ilə bağlı fikirlərə yol verilməməlidir.
Tədqiqat işinin həyata keçirilməsinə və ya məqalənin hazırlanmasına maliyyə dəstəyi göstərənlərin və sponsorun rolunun məqalənin sonunda qısa təsvirinə icazə verilir.
Məqalələrin formatında xüsusi tələb olmasa da, əlyazmalar xülasə, açar sözlər, material və metodlar, təhlil və müzakirə, nəticə, illustrasiya və cədvəllər kimi lazım olan elementləri özündə ehtiva etməlidir.
Məqalədə hər hansı bir video və ya digər əlavə material varsa, rəy zamanı nəzərdən keçirilməsi üçün ilkin təqdimata daxil edilməlidir. Məqaləni aydın şəkildə müəyyən edilmiş bölmələrə ayırmaq lazımdır.
Xahiş edirik ki, faylda yer alan şəkil, xəritə və ya cədvəllərin aydın olmasını və əlyazmanın müvafiq mətninin sonunda yerləşdirilməsini təmin edin.
Bu jurnala daxil olan hər bir məqalənin elmi keyfiyyətinin yoxlanılması ən azı iki gizli ekspert tərəfindən həyata keçirilir. Materialların jurnalın tələblərinə uyğunluğu ilkin olaraq redaktor tərəfindən qiymətləndirilir. Redaktor məqalələrin qəbul edilməsi və ya imtina edilməsi ilə bağlı yekun qərara məsuldur. Redaktorun qərarı qətidir.
Məqalənin strukturu.
Bölgünün nömrələnməsi
Məqaləni aydın və nömrəli bölmələrə ayırın. Bölmələr 1, 1.1 (daha sonra 1.1.1, 1.1.2,…), 1.2 və s. şəklində olmalıdır (xülasə nömrəli bölmələrə daxil edilmir). Hissələrə qısa başlıq verilə bilər. Hər bir başlıq yeni sətrdə olmalıdır.
Giriş
İşin aktuallığını və məqsədlərini təqdim edin. Bu bölmədə ədəbiyyatın təhlili və nəticələrin xülasəsi verilmir.
Material və metod
İşin metodu və müstəqil tədqiqatçı tərəfindən yerinə yetirildiyi barədə ətraflı məlumat verin. Göstərilən metodlar ümumiləşdirilməli və istinad ilə göstərilməlidir. Mövcud üsullar və onlara edilmiş dəyişikliklər aydın şəkildə təsvir olunmalıdır.
Təhlil və müzakirə
Burada işin nəticələrinin əldə olunma istiqamətləri və əhəmiyyəti araşdırmalı, lakin onları təkrarlamamalıdır.
Nəticə
Araşdırmanın əsas nəticələri dəqiq, qısa və başadüşülən formada təqdim edilməlidir.
Məqalənin adı.
Məqalənin adı müvafiq əlifbanın böyük hərfləri ilə qalın (bold) yazılır (şriftin ölçüsü 14 pt, interval 1), mətn sahəsinin eni boyu, səhifənin orta xəttinə nisbətən simmetrik yerləşdirilir.
Müəllif(lər)in soyadı və inisialları
Məqalənin adından sonra 1 sətir boş yer saxlamaqla aşağıda müəllif(lər)in adı, atasının adı və soyadı qısa şəkildə (14 pt, 1 interval) yazılır (məs: A.F.Həşimov, Ə.Ş.Qasımov) və səhifənin orta xəttinə nisbətən simmetrik yerləşdirilir.
Müəllif(lər)in işlədiyi idarənin adı və ünvanı
Müəllif(lər)in adından aşağıda 1 sətir boş yer saxlamaqla kursiv şriftlə (14 pt, 1 interval) müəllif(lər)in işlədiyi idarənin adı və ünvanı, o cümlədən poçt indeksi yazılaraq səhifənin mərkəzinə nəzərən simmetrik yerləşdirilir. Əgər məqalənin müəllifləri ayrı-ayrı idarələrdə işləyirsə, onların hər birinin ünvanı yazılmalı və hər bir müəllifə məxsus ünvan nömrələnərək dəqiq göstərilməlidir. Məqalənin məsul müəllifinin email ünvanı növbəti sətirdə səhifənin mərkəzinə nəzərən simmetrik qaydada göstərilir.
Xülasə
Ünvan(lar)dan aşağıda bir sətir boş sahə buraxıldıqdan sonra məqalənin xülasəsi verilir: həcmi 100-150 söz olmaq şərtilə məqalənin (onun yazıldığı dildə) qısa məzmunu (əvvəlində xülasə sözü yazılmaqla) verilir (12 pt, 1 interval). Xülasədə tədqiqatın məqsədi və əsas nəticələri barədə qısa məlumat verilir. Xülasənin mətnində problemin vəziyyətinin icmalı, düstur və ədəbiyyatlara istinadlar verilməməlidir. Xülasənin mətnindən sağa və sola ümumi mətn sahəsinə nəzərən 1,5 sm məsafə saxlanılmalıdır.
Məqaləyə, ingilis və məqalənin yazılış dilindən asılı olaraq, Azərbaycan və ya rus dilində xülasələr də əlavə edilir: Xülasələr 12 pt ölçülü şriftlə yazılmalıdır. Xülasələrin hər birində, onun yazıldığı dildə müəllif(lər)in adı, atasının adı və soyadı qısa şəkildə (məqalənin özündə olduğu kimi), eləcə də məqalənin adı yazılmalıdır.
Açar sözlər
Xülasədən aşağıda 5-7 söz həcmində açar sözlər verilir. açar sözlər indeksləşmə məqsədləri üçün istifadə olunacaq.
Mətnin hazırlanması
Bütün abzasların birinci sətri yazı sütununun sol kənarından 1 sm irəli çəkilməklə başlanır. Məqalə mətninin şriftinin ölçüsü 14 pt, sətirləri arasındakı məsafə isə 1,5 interval olmalıdır. Hecalara ayırmadan mətndə istifadə olunmamalıdır. Məqalənin mətni format çərçivəsində (bütün sətirlər sol və sağ tərəflərdən yazı mətni sahəsindən kənara çıxmamaq şərtilə) düzəldilməli, diqqətlə redaktə edilməli, coğrafi terminlərin və həmçinin vahidlərin (beynəlxalq Sİ sistemində) düzgünlüyü yoxlanılmalıdır.
Şəkillər, cədvəllər, düsturlar
Məqalədə şəkillərin (xəritə, diaqram, sxem və s.) hər biri tərtib olunduğu proqramdan asılı olmayaraq vahid obyekt şəklində (ayrı-ayrı şəkillərin süni surətdə birləşdirilməsi yolverilməzdir) verilir (*.jpeg, *.jpg). Ölçüləri üfüqi istiqamətdə əsasən 7,75 sm, mümkün olmadıqda mətn sahəsinin enindən (16,5 sm) böyük olmamalı və səhifənin mərkəzinə nisbətən simmetrik yerləşdirilməlidir. Şəkillər “şəkil” sözü ilə nişanlanır və ardıcıl nömrələnir (məs. : Şəkil 1). Şəkillərin nömrəsi və adı onların altında verilir.
Hər bir cədvəlin başlığı olmaldır. Cədvəllər ardıcıl olaraq nömrələnir (məs. : Cədvəl 1). Cədvəllərin nömrəsi və adı onların üstündə verilir. Cədvəllər yığcam, yazı sahəsi enindən böyük olmamalıdır. Cədvəllər mətn daxilində yerləşdirilməli və onlar bir səhifədən (əvvəli) digərinə (davamı) keçirilməməlidir.
Düsturlar çıxarılışsız, son yazılış formasında verilməlidir. Düstur simvollarının izahı onun altında verilir. Simvolların dərəcə və indeksləri dəqiq ayrılmalıdır. Düsturun nömrəsi onunla bir sətirdə sağ tərəfdə mötərizə içərisində verilir. Düstur yazılan sətrin uzunluğu 7,75 sm-dən böyük olmamalıdır (düsturun nömrəsi də daxil olmaqla).
Ədəbiyyat
Məqalənin mətnində qaynaqlara istinad, kvadrat mötərizədə nömrə ilə (istinadın ədəbiyyat siyahısındakı nömrəsinə müvafiq olaraq) verilir (məs.: [1], [2]).
İstifadə olunan ədəbiyyatın siyahısı məqalənin sonunda, əlifba sırası ilə və nömrələnməklə verilir (12 pt).
Jurnal məqalələri üçün aşağıdakı məlumatlar verilməlidir: müəllif(lər)in soyadı və inisialları, məqalənin adı, jurnalın adı (kursiv şriftlə), nömrəsi, çap olunma ili və səhifə. Məs.:
Məmmədov R.M., Həsənov M.S., İsmayılov M.C. Azərbaycanin şirin su ekosistemləri: problemlər və gözləntilər. Coğrafiya və təbii resurslar, №2 (12), 2020, səh. 16-22.
Monoqrafiya və s. Bu növ nəşrlər üçün – müəllif(lər)in soyadı və inisialları, kitabın adı, nəşriyyat, şəhər, nəşr ili və səhifə göstərilir. Məs.:
Xəlilov Ş.B. Azərbaycanın ekocoğrafi problemləri. “Nafta-Press”, Bakı, 2006, 160 s.
Toplular, o cümlədən konfrans (simpozium, seminar və s.) və ya idarələrin əsərləri üçün – müəllif(lər)in soyadı və inisialları, məqalənin (elmi məlumat, məruzə və ya məruzənin tezisi) adı, toplunun adı (kursiv şrift ilə), şəhər, nəşrin ili və səhifə göstərilir. Məs.:
Əfəndiyev V.Ə., Eminov Z.N. Müasir dövrdə Azərbaycanda kənd əhalisi və kənd yaşayış məntəqələrinin inkişaf xüsusiyyətləri. “Azərbaycanda coğrafiya elminin inkişafı” mövzusunda respublika elmi konfransı. Bakı, BDU, 2013, s. 153-157.
İnternet məlumatları (veb istinadlar). Məqalənin və ya məlumatın yerləşdiyi internet ünvanı (URL) dəqiq göstərilməli, istinada son baxılma tarixi və digər mümkün məlumatlar (məqalənin və müəllifin adı, istinad edilən qurum və s.) verilməlidir.
Milli parklar, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi (2021, 1 yanvar). Mənbə: http://eco.gov.az/az/tebii-servetlerimiz/milli-parklar
Qeyd olunan tələblərə uyğun gəlməyən məqalələr geri qaytarılır.
Məqalə jurnalın redaksiyasına iki variantda – elektron (CD diskdə və ya e-mail vasitəsilə) və A4 formatlı kağızda surəti çıxarılmış şəkildə təqdim olunmalıdır. Redaksiya, alınan məqaləni rəyə göndərmək səlahiyyətini saxlamaqla, onun nəticəsinə əsasən məqalənin çap olunması (və ya rəyçinin iradlarına əsasən məqalənin yenidən işlənməsi) haqqında qərar qəbul edir.